“Sezaryen Çapıq Defekti” kimi də adlandırılan İstmosel, sezaryen doğuşdan sonra yaşana bilən bir ağırlaşma kimi təsvir edilə bilər. Dünya üzrə sezaryenlə doğuş nisbətlərinin artması ilə yayılması artan bu sağlamlıq problemi bir çox fərqli ginekoloji və akuşer problemlə əlaqələndirilir.
İstmosel (Sezaryen Çapıq Xəstəliyi) Nədir?
Sezaryen doğru göstərişlər istiqamətində (doğumun irəliləməməsi, körpənin tərs ya da yan vəziyyətdə olması, körpənin çox iri olması, çanağın darlığı, əvvəlki sezaryen zamanı edilən kəsiyin normal doğum üçün uyğun olmaması, körpənin ana bətnində çətinliyə düşməsi və s.) həyata keçirildikdə həm ananın, həm də körpənin həyatını xilas edə bilən bir cərrahiyyədir. Nitəkim bu ifadə Dünya Səhiyyə Təşkilatı tərəfindən açıqlanan məlumatlarla da təsdiqlənib. Lakin nə qədər faydaları olsa da, sezaryenlə doğuma xas ağırlaşmalar da mövcuddur. Bu ağırlaşmalar arasında ön plana çıxanlardan biri İstmosel, yəni Sezaryen Çapıq Defektidir. İstmosel ya da sezaryen çapıq xəstəliyi; keçirilmiş sezaryen doğuşdan sonra, körpəni çıxarmaq üçün kəsilən və sonrasında tikilmiş yerdə yaxşı sağalma olmaması nəticəsində tikiş kənarlarında ayrılma və bir kisəcik yaranması vəziyyəti kimi təsvir edilə bilər. Bölgədə yaranan kisənin ya da cibin istmosel qəbul edilməsi üçün ən azı 2 mm-lik ölçüyə sahib olması lazımdır. İstmosel, ümumiyyətlə uterusun ön divarında servikal kanalın üst hissəsində yaranır.
İstmosel, sezaryen kəsiyinin edildiyi bölgədə kəsiyin tam olaraq sağalmamasına bağlı olaraq uşaqlığın xarici hissəsinə doğru yaranan; damcı, üçbucaq ya da düzbucaqlı kimi fərqli formalara sahib kiçik bir cibə bənzədilə bilər. Bu boşluqda qan ya da maye toplanması baş verə bilər. Boşluqda aybaşı qanının toplanması nəticəsində uşaqlıqda embrionun (körpənin) yerləşməsi pozula bilər. Yəni ilk doğuşunu edən bu qadınlarda istmosel olması növbəti hamiləliyi əngəlləyə bilər, yəni qadın mənşəli sonsuzluq səbəbi ola bilər.
İstmoselin Əlamətləri Nələrdir?
Ləkə-ləkə keçməyən çox uzun sürən qanaxma və sezaryen tarixçəsi varsa, mütləq ağla gəlməlidir!
İstmoselin əlamətləri və bu əlamətlərin şiddəti şəxsdən şəxsə dəyişə bilər. Ən çox rast gəlinən əlamətlər arasında uzun sürən ləkə-ləkə qanaxma, çanaq bölgəsində ağrı, vaginal ifrazat, aybaşı dövründə ağrı, embrionun bu cibə yerləşməsi nəticəsində ektopik hamiləlik, cinsi əlaqə zamanı ağrı və qadın mənşəli infertilitə kimi simptomlar yer alır. İstmosel qadınların çox vaxt pis qoxulu, qatılığı və rəngi dəyişən vaginal ifrazatlar yaşamasına, qasıq ağrısı çəkməsinə, aybaşı dövrü bitdikdən sonra bir müddət davam edən qəhvəyi ifrazatlar fərq etməsinə səbəb ola bilər. Xüsusilə demək olar ki, ayın çox böyük hissəsini əhatə edən ləkə-ləkə qanaxmalarda əgər pasiyentin əvvəldən sezaryen tarixçəsi varsa, mütləq ağla gəlməlidir. Bu əlamətləri yaşayan, sezaryenlə doğuş etdikdən sonra hamilə qalmaqda çətinlik çəkən qadınların Mamalıq və Ginekologiya Mütəxəssisləri müayinəsinə müraciət etmələri lazımdır.

İstmosel Necə Ortaya Çıxır?
İstmoselin necə ortaya çıxdığı ilə bağlı dəqiq bir səbəb olmasa da, mövzu ilə bağlı müxtəlif fikirlər mövcuddur. İki vacib səbəbdən bəhs edə bilərik; birincisi kifayət qədər olmayan sezaryen tikiş yerinin sağalması, ikincisi isə cərrahi texnika ilə əlaqəlidir. Sezaryen kəsiyinin edildiyi bölgədə yara sağalması nəticəsində yarana bilən bu kisədə xarici axım nöqtəsində mexaniki bir problem olduğu istiqamətindədir. Xarici axımda meydana gələn mexaniki problem bölgədə qan ya da maye toplanmasına səbəb olur, qan topladıqda yaranan iltihablanma nəticəsində nazik və həssas qan damarları yaranır. Meydana gələn bütün bu dəyişikliklər nəticəsində də istmosel inkişaf edir.
İstmosel Necə Diaqnoz Edilir?
Sezaryen doğuş keçmişi olan və sezaryen çapıq defekti əlamətləri yaşayan qadınların müayinə olması tövsiyə edilir. Xəstəlik tarixçəsinin dinlənilməsi ilə bu çərçivədə müxtəlif müayinələrin aparılması lazım ola bilər. Ümumiyyətlə görüntüləmə üsulları sayəsində sezaryendən sonra yarana bilən bu ağırlaşmanın diaqnoz edilməsi mümkündür.
Transvaginal Ultrasəs: Müayinə zamanı ultrasəs probu vaginanın içinə yerləşdirilir. Beləliklə uşaqlıq və yumurtalıqların görüntüləri ultrasəs cihazı vasitəsilə monitora ötürülə bilər. Xüsusilə menstruasiya dövründə daha da asan istmosel kisəciyi görülə bilər.
Salin İnfuziya Sonoqrafiyası (SİS): Sonohisterografiya kimi də adlandırıla bilən SİS, vagina və uşaqlıq boynundan keçərək uşaqlığın içərisinə uzadıla bilən bir kateter vasitəsilə uşaqlıq daxilinə steril salin serum verilməsi yolu ilə həyata keçirilir. Bu görüntüləmə üsuluna müraciət edilməsi üçün ümumiyyətlə menstrual dövrün bitməsi gözlənilir. Aybaşı qanaxması başa çatdıqdan sonrakı günlərdə təhlükəsiz şəkildə həyata keçirilə bilər. Çox nadir olaraq bu üsul istifadə edilir.
Histerosalpinqoqrafiya: Dərmanlı uşaqlıq filmi kimi də tanınır, uşaqlıq daxilinə və borulara kontrast maddə verildikdən sonra radioqrafik üsullarla araşdırma aparılır. Yenə SİS kimi çox nadir olaraq bu üsula müraciət edilir.
Maqnit Rezonans Görüntüləmə (MRG): İstmosel diaqnozunda nadir hallarda istifadə edilir. Lakin istifadə edildikdə çox yaxşı bir diaqnoz qoyma şansı təmin edir.
Diaqnostik Histeroskopiya: Uşaqlıq boynundan girilərək uşaqlığın daxili hissəsinin və boruların uşaqlığa açılan hissələrinin kamera vasitəsilə qiymətləndirilməsi prinsipinə əsaslanan görüntüləmə üsuludur.
Günümüzdə çox inkişaf etmiş Ultrasonoqrafiya cihazları sayəsində yalnız Ultrasəslə asanlıqla diaqnoz qoyula bilir.
İstmosel Sonsuzluğa Səbəb Olurmu?
Sezaryen doğuşdan qısa müddət sonra ya da uzun müddət sonra yarana bilən sezaryen çapığı infertilitəyə səbəb ola bilir. Eynilə Hidrosalpinks (iltihablı borular) kimi İstmosel diaqnozu qoyulan qadınların bir hissəsində (nə qədər bir nisbətdə olduğu hazırda dəqiqlik daşımır) bu kisələrin spermlərə zərər verə biləcəyi və embrionun uşaqlıq daxilinə yerləşmə prosesini poza biləcəyi qəbul edilir.
İstmosel Müalicəsi
Sezaryen doğuşdan sonra istmosel yaranan bütün qadınlarda, istmosel əlamətləri pasiyentlərin hamısında görülmür. Bəzi qadınlarda narahatlıq verən simptomlara yol aça bilən bu ağırlaşma bəzi qadınlarda hər hansı bir probleme səbəb olmur. İstmosel əlamətləri fərq edildikdə və bu ağırlaşma diaqnoz edildikdə müalicə seçimlərini pasiyentlərimizə təqdim edirik.
İstmosel müalicəsində ən dəqiq üsul kimi istmosel əməliyyatı ön plana çıxır. İnkişaf edən texnologiya sayəsində istmosel əməliyyatı laparoskopik, yəni qapalı üsulla ya da robot dəstəkli cərrahiyyə ilə həyata keçirilə bilir. Müalicə üsulunun müəyyənləşdirilməsi prosesində pasiyentlərin yaşadığı və həyat keyfiyyətlərini aşağı salan simptomlar qədər gələcəkdə uşaq sahibi olmaq istəyib-istəmədikləri də müəyyənedici təsirə sahibdir.
İnkişaf edən texnologiyanın da təsiri ilə istmosel müalicəsində robot dəstəkli cərrahiyyə daha çox ön plana çıxır. Robot dəstəkli cərrahiyyənin təbiəti gərəyi pasiyent üzərində olduqca həssas bir iş görülməsi mümkün olur. Görüntülərin ən incə detalı belə izləyə biləcək qədər böyüdülməsini təmin edən robot dəstəkli cərrahiyyədə əl titrəməsi tamamilə əngəllənə bilərkən, tikiş atmaq da asanlaşır, bunlar da əməliyyatın daha rahat keçməsini təmin edir. Zədələnmiş toxumanın tikilməsi çox uğurlu şəkildə həyata keçdiyi üçün əldə edilən nəticələrin də uğuru arta bilir. Robot dəstəkli cərrahiyyədən sonra pasiyentlər bir gün sonra evə buraxıla bilir və gündəlik həyatlarına qısa müddətdə geri dönə bilirlər.
Daha kiçik kisəcik yaranan pasiyentlərdə əgər hamiləlik istəyi də yoxdursa, Histeroskopik əməliyyat bir alternativ müalicə üsulu olaraq da pasiyentə təqdim edilə bilər.
