Uşaqlığın daxili divarındakı endometrium toxumasının yumurtalıq ya da fallopiya boruları kimi uşaqlıqdan kənar anatomik bölgələrdə tutunmasına endometrioz, yəni şokolad kistası xəstəliyi adı verilir. Endometrium adlanan bu toxumalar daha az tezlikdə sidik yollarında da görülə bilər.
Endometrioz olan qadınların təxminən 1%-ində xəstəlik sidik yollarında görülür. Sidik yolu endometriozunun diaqnozunu qoymaq son dərəcə çətindir. Çünki endometrioz olan qadınların bir çoxu xəstəliyin sidik yollarına təsir etdiyini fərq etməyə bilər.
Pasiyentdə əlavə endometrioz lezyonu varsa, o lezyonlara bağlı şiddətli ağrının səbəbi araşdırılarkən diaqnoz qoyula bilər. Yalnız sidik-ifrazat sistemində varsa, diaqnoz qoymaq vaxt ala bilər. Buna görə bəzən gözdən qaçır. Gec diaqnozun səbəblərindən biri də sidik yolu endometriozu vəziyyətinin spesifik əlamətlərə səbəb olmamasıdır.
Sidik Yolu Endometriozunun Gec Diaqnoz Edilməsi Vacib Bir Vəziyyətə Səbəb Olurmu?
Sidik kisəsinin tutulması da təəssüf ki, açıq-aşkar bir şikayətə səbəb olmur. Şikayəti olan pasiyentlərdə görülən, çanaq ağrısı və nadir hallarda sidikdə qan görünməsidir. Bu qanın görünməsi gözlə görünən şəkildən çox, daha çox sidik analizi ilə aşkarlana bilən şəkildədir. Xüsusilə ureterlərin (sidik borucuqları) tutulması Səssiz Böyrək İtkisinə səbəb ola bilər.
Buna görə ureter tutulmasının erkən diaqnozu çox vacibdir. Həm sidik kisəsi, həm də ureter tutulması olan pasiyentlərin əhəmiyyətli bir hissəsində əlavə olaraq yumurtalıq, bağırsaq və uşaqlıqda da endometrioz lezyonları aşkarlanır. Yumurtalıq və bağırsaqda endometriozu aşkarlamaq çox daha asandır. Bu pasiyentlərdə xüsusilə bağırsaqda 3 sm-i keçən nodul varsa, ureter tutulması ağla gəlməlidir.
Sidik Yolu Endometriozunun Əlamətləri Nələrdir?
Sidik-ifrazat sistemi endometriozu həmişə əlamət verməsə də, bəzi qadınlarda sonsuzluğa, sidik tezliyinin artmasına, bel bölgəsində ağrıya səbəb ola bilər. Lakin yadda saxlanmalıdır ki, pasiyentlərin 50%-ində heç bir simptom yoxdur. Bəzi qadınlarda aybaşı dövrlərində sidikdə qan müşahidə edilə bilər. Tez-tez sistit (sidik yolu, sidik kisəsi infeksiyası) ilə qarışdırılır.
Necə Diaqnoz Qoyulur?
Sidik yolu endometriozu olan qadınların 85%-ində bu kistalara sidik kisəsində rast gəlinir. 10%-i sidik borusunda, 4%-i böyrəklərdə və 2%-i uretradadır. Differensial diaqnozun bu qədər çətin olmasının səbəblərindən biri də yaranan əlamətlərin digər sidik yolu xəstəliklərinə olduqca bənzəməsidir.
Sidik yolu endometriozu olan pasiyentlərin demək olar ki, yarısında əlamət görülmür. 25%-ində yan tərəflərdə ağrı, 15%-ində isə sidikdə aşırı qan əlaməti görülür. Ümumiyyətlə xəstəlik həddindən artıq şiddətlənənə qədər hər hansı bir əlamətə səbəb olmur. Sidik yolunda endometrioz ümumiyyətlə sidikdə qan görünməsinə, tualetini saxlaya bilməməyə ya da tez-tez tualetə çıxmağa səbəb olur.
Sidik yolları infeksiyası da bənzər əlamətlərə malikdir. Buna görə diaqnoz qoyulması son dərəcə çətindir. Şübhə istiqamətində transvaginal ultrasəs ilə görüntüləmə aparılır. Ultrasəs yerinə bəzi hallarda MRT də üstünlük təşkil edə bilər. Ayrıca sidik analizi, biopsiya və histologiya da tətbiq edilir.
Müalicə Üsulları
Sidik yolu endometriozunda müalicə üsulları əlamətlərə, hidronefroza və sidik yolu tıxanıqlığına görə dəyişir. Medikal müalicə ağrıları azaltmada uğurlu ola bilər. Medikal müalicələr arasında progesteron əsaslı rejimlər, estrogen-progesteron terapiyası ya da qonadotropin ifraz etdirici hormon analoqları istifadə edilir.
Medikal müalicə mövcud lezyonları kiçildir, lakin aradan qaldırmır. Nəticə olaraq tez-tez cərrahi müdaxilə ilə müalicə edilir. Laparoskopik ya da Robot dəstəkli Cərrahiyyə ilə bu pasiyentlərdə endometrioz ilə tutulan sidik kisəsi ya da ureter üzərindəki lezyon çıxarılır, kəsikdən sonrakı toxumalar bərpa edilir. Bu üsulla lezyonlar aradan qaldırıla bilər.
Bu sidik-ifrazat sistemindəki endometriozun cərrahi müalicəsində ən vacib nöqtə cərrahi komandanın içində bu mövzularda təcrübəli bir uroloqun da yer almasıdır. Endometrioz cərrahının rəhbərliyində uroloqla birlikdə bütün sidik-ifrazat sistemindəki endometrioz lezyonları tam olaraq çıxarılıb, orqanlara zərər vermədən və minimal ağırlaşma ilə cərrahiyyə tamamlana bilər.
Bu iki sahənin xəstəliyi birlikdə idarə etməsi, həm əməliyyatdan sonra qarşılaşıla biləcək ağırlaşmaların idarə edilməsində, həm də bu pasiyentlərin izlənməsində çox mühüm üstünlük təmin edir.
Endometrioz (Şokolad Kistası) haqqında daha ətraflı məlumat almaq üçün https://cikolatakisti.info/ saytımı ziyarət edə bilərsiniz.
