Çətin doğuşlar, yaşlanma və genetik meyillilik qadınlarda zamanla uşaqlığın düşməsinə səbəb ola bilər. Lakin uşaqlığın düşməsi yalnız yaşlı dövrdə deyil, gənc yaşlarda da ortaya çıxa bilər. Uşaqlığın düşməsi həyat rahatlığına dərin təsir göstərir. Vaxtında müdaxilə edilməyən uşaqlıq düşmələri qanaxmalara yol aça bildiyi kimi, genital bölgəni də infeksiyalara qarşı daha müdafiəsiz hala gətirir. Uşaqlıqla birlikdə sidik kisəsi və qalın bağırsağın son hissəsi də aşağı düşür. Bu orqanlar normal halda çox hərəkət etmir, lakin düşmə baş verdikdə normaldan daha böyük təsirlərə sahib olur. Bu səbəbdən təsirlər ciddiləşməmişdən əvvəl xəstələr qısa müddətdə həkimə müraciət etməlidir. Xüsusilə menopauza dövründəki qadınlara müntəzəm olaraq müayinəyə getmək tövsiyə olunur.
Düşmənin əlamətləri nələrdir?
Yüngül dərəcəli düşmələr ümumiyyətlə heç bir əlamət göstərmir. Lakin düşmənin şiddəti artdıqca əlamətlərin sayı da artır. Orta dərəcəli düşmələrdə ümumiyyətlə bel və qarnın aşağı hissəsində ağrı yaranır. Bu əlamətlər uzun müddət ayaq üstə qalarkən daha da artır. Bundan əlavə, cinsi əlaqə zamanı güclü ağrı da uşaqlığın düşməsi əlamətləri arasında artır. İrəliləmiş dərəcəli düşmələrdə isə uşaqlıq çöldən gözlə görüləcək səviyyəyə gəlir. Vaginada böyük bir kütlə varmış hissi yaranır.
Düşmə ilə birlikdə sidik saxlaya bilməmə görülürmü?
Düşmənin irəliləmiş mərhələlərində öskürərkən, asqırarkən, gülərkən və ya pilləkən çıxarkən sidik saxlaya bilməmə hallarına rast gəlinə bilər. Bundan başqa kiçik və ya böyük ayaqyoluna çıxarkən çətinlik, bacarmama da müşahidə oluna bilər.
Müalicə üsulları nələrdir?
Uşaqlığın düşməsinin müalicəsi xəstəliyin ölçüsünə, xəstənin vəziyyətinə və ümumi sağlamlığına görə dəyişir. İlk olaraq vagina və bu bölgədəki əzələləri güclendirməyə xidmət edən Kegel məşqlərinin edilməsi tövsiyə olunur (çanaq sümüyünün dibini döşəyən və içindəki orqanları yerində saxlayan əzələ qrupuna çanaq dibi əzələləri, bu əzələləri güclendirməyə yönəlmiş məşqlərə isə çanaq dibi məşqləri deyilir). Lakin düşmənin ölçüsü çox böyükdürsə, bu məşqlərlə müalicə etmək və ya kömək göstərmək mümkün deyil. Bu xəstələrə isə cərrahi əməliyyat tövsiyə olunur. Bu əməliyyatlarda aşağı düşmüş toxumalar toplanır, əvvəlki sağlam anatomik quruluş bərpa olunur.
Cərrahi müalicə seçimləri nələrdir?
Günümüzdə düşmə üçün aparılacaq cərrahi müalicədə 2 əsas yanaşma var. Birincisi vaginal (aşağıdan), digəri isə qarından aparılan üsullardır. Qarından aparılan üsullar laparoskopik və ya robot dəstəkli şəkildə müvəffəqiyyətlə həyata keçirilir. Bu əməliyyatda vaginal yolla və ya qarından uşaqlığı yerində saxlayan bağlara çatılaraq yuxarı asılır.
Düşmə əməliyyatlarında uşaqlıq mütləq çıxarılmalıdırmı?
Burada 2 əsas yanaşma var: uşaqlığın qorunduğu və çıxarıldığı üsullar. Günümüzdə uşaqlıq rahatlıqla qorunaraq düşmə düzəldilə bilər. Əlavə xəstəlik, yaşın çox olması kimi hallarda isə xəstə ilə müsbət və mənfi tərəflər müzakirə olunaraq uşaqlıq çıxarılıb düşmə düzəldilə bilər.
Uşaqlığın düşməsinin müalicəsində robot dəstəkli cərrahiyyənin müvəffəqiyyəti necədir?
Günümüzdə uşaqlığın düşməsinin müalicəsində müvəffəqiyyətlə tətbiq olunur. Əməliyyatın kiçik kəsiklərdən aparılması, az qan itkisi, az ağrı və sürətli sağalma müddəti əsas üstünlüklərini təşkil edir. Xəstələr xəstəxanada daha az qalır. Bir və ya 2 gündə evə buraxılır.
Cərrahi müalicədən sonra düşmə yenidən görülə bilərmi?
Lakin bu əməliyyatlardan sonra düşmə yenidən görülə bilər. Buna təsir edən mühüm amillərin başında yaxşı bir cərrahiyyənin aparılması, xəstənin toxumalarının sağalma gücü, əməliyyatdan sonra xəstənin tövsiyələrə ciddi şəkildə riayət edib-etməməsi gəlir. Bu tip əməliyyatlardan sonra bağ toxumasında istənilən tam sağalma təxminən 3 ay içində baş verir. Bu 3 aylıq dövrdə xəstənin ağır qaldırmaması, qəbizlik olmaması və s. kimi hallar sağalmaya çox mühüm şəkildə təsir edir.
