Da Vinci robotu olaraq da adlandırılan bu üsulda həkim robotun qollarını idarə edəcək bir konsolun arxasında oturur. Robotun qollarını yalnız cərrah idarə edə bilər. Xəstənin yanında dayanan başqa bir cərrah konsoldakı cərraha kömək edir. Robot dəstəkli cərrahiyyədə cərrah robota əmr verir, xəstə konsolundakı qollar isə cərrahdan aldığı bütün əmrləri eyni anda birə-bir əks etdirərək əməliyyatı həyata keçirir. Robot dəstəkli cərrahiyyənin üstünlüyü ondadır ki, cərrah əməliyyat bölgəsini robotun imkanları sayəsində öz gözü ilə gördüyündən çox daha aydın və yaxından, 3 ölçülü olaraq görə bilir, oturaraq işlədiyi üçün daha az yorulur.
Əməliyyatı robot aparırmı?
Bizə ən çox verilən suallardan biri “robot dəstəkli cərrahiyyədə əməliyyatları robot aparır, yoxsa cərrah?” sualıdır. Cavabımız çox aydındır: əlbəttə, cərrah aparır. Robotik avadanlıq isə cərrahın işini son dərəcə asanlaşdırır. Nəticədə çətin əməliyyatlar daha asan şəkildə aparıla bilir. Robot dəstəkli cərrahiyyə, cərrahın əməliyyat otağında xəstənin yanında olan cərrah konsolundan, xəstə konsolundakı əl biləyini model alan qolları istifadə etməklə həyata keçirilən kompüter dəstəkli bir sistemdir. Robotik deyildikdə ağla ilk olaraq ‘Əməliyyatı robot aparır?’ sualı gəlsə də, əməliyyatı bir cərrah həyata keçirir.
Əl titrəməsini aradan qaldırır!
Robot dəstəkli cərrahiyyə minimal invaziv cərrahiyyənin bir növüdür. Minimal invaziv cərrahiyyə xəstəni böyük bir kəsikdən əməliyyat etmək yerinə, 1 sm-dən kiçik kəsiklərdən yerləşdirilən xüsusi cərrahi alətlərlə ətraf toxumalara daha az zərər verərək aparılmasıdır. Robot dəstəkli cərrahiyyədə bir kamera qolu və cərrahi alətlərin bərkidildiyi mexaniki qollar var. Bu qollardakı alətlər 7 pilləli sərbəst hərəkət etmə xüsusiyyətinə sahib kiçik alətlərdən ibarətdir. Bu alətlərin ucları ‘endowrist’ adlanan sistem sayəsində öz oxu ətrafında 540 dərəcə dönə bilir. Bununla birlikdə insan əlinin bilək hərəkətlərini izləyə bilir. Robot dəstəkli cərrahiyyədə alətlər əməliyyat zamanı mümkün əl titrəməsini heç bir şəkildə qəbul etmir və cərrahın əmrlərindən kənara çıxmır.
Əməliyyatların müvəffəqiyyət şansını artırır
Cərrah alətləri və kameranı əməliyyat otağındakı bir konsoldan izləyir. Açıq əməliyyatlarda cərrahın əlinin və alətlərinin daxil ola bilmədiyi və ya ətraf orqanlara zərər verəcəyi hallar olur. Lakin robot dəstəkli cərrahiyyə ilə bu problem aradan qaldırılır. Belə hallarda süni bir əl kimi işləyən robot cərrahın əlinin konsoldakı hərəkətlərini birə-bir içəriyə köçürür və əməliyyatın müvəffəqiyyət şansını artırır. Təxminən 10 ildir Türkiyədə aktiv olaraq istifadə olunan robot dəstəkli cərrahiyyə minimal invaziv laparoskopik cərrahiyyə əsasında tətbiq olunan bir üsul kimi qarşımıza çıxır. Dünyada təxminən 4.000 robot dəstəkli cərrahiyyə sistemi istifadə olunur. Da Vinci robotu ilə bu günə qədər 4 milyona yaxın əməliyyat müvəffəqiyyətlə həyata keçirilmişdir. Türkiyədə 34 robot dəstəkli cərrahiyyə sistemi var. Dövlət, özəl və universitet xəstəxanalarında intensiv şəkildə istifadə olunur.
