Miomalar uşaqlığın xoşxassəli şişləridir. Uşaqlıqda yerləşən ‘miometrium’ adlı əzələ toxumasından anormal şəkildə böyüyərək yaranan miomalar, bu gün təxminən hər 4-5 qadından birində rast gəlinir.
Xüsusilə 30-40 yaşlardan sonra ortaya çıxan bu xoşxassəli şişlər bəzən heç bir əlamət göstərməyə bilir. Bu səbəbdən mioması olan qadınların çoxu bu vəziyyətdən xəbərdar da deyil. Bu kütlələrin niyə yarandığı bilinməsə də, ümumiyyətlə artan estrogen səviyyəsi ilə sıx bağlıdır.
Menopauza dövründə estrogen səviyyəsinin azalması ilə birlikdə miomalarda sürətli geriləmə, hətta zamanla yox olma baş verə bilər. Hamiləlikdə isə miomalar uşaqlığın böyüməsi ilə birlikdə inkişaf edə bilər. Lakin doğuş baş verdikdən sonra miomaların ölçülərində kiçilmə və ya yox olma kimi hallar görülə bilir, ya da heç bir dəyişiklik baş vermir.
Mioma müalicəsində progesteron hormonunun yeri
Progesteron hormonu estrogenin bədəndə yaratdığı təsiri tarazlamağa xidmət edən, onun əksi kimi funksiya göstərən bir hormondur. Bu səbəbdən estrogenlə böyüyən miomaların müalicəsində progesteronun istifadə oluna biləcəyi düşünülmüşdür.
Lakin istifadə olunan hallarda progesteronun miomanı müalicə etməkdə təsirsiz olduğu görülmüşdür. Yalnız aybaşı dövründə qanaxmanın olduğu, uşaqlığın içini döşəyən ‘endometrium’ kimi bilinən toxumada atrofiya yaradaraq qanaxmanı azalda bilər. Bu səbəbdən mioma müalicəsində progesteron müalicəsi yalnız yüngül simptomları və kiçik miomaları olan seçilmiş pasiyentlərdə təsirli ola bilər.
Müalicə üsulları
Miomaların ən dəqiq müalicə üsulu cərrahi müdaxilədir. Digər müalicə üsulları ilə miomanın böyüməsi dayandırıla və ya kiçilməsi təmin edilə bilər.
Bəzi yeni nəsil müalicə üsullarında isə mioma toxumaları bədəndən çıxarılmadan lazerlə yandırılaraq ya da maye azotla dondurularaq müalicə edilə bilər. Bu üsullar çox məhdud sayda mioma növündə tətbiq oluna bilər. Klinik praktikada da çox istifadə olunmur.
Estrogeni basqılayan dərmanlar hər nə qədər alternativ kimi düşünülsə də, bu dərmanların uzunmüddətli istifadəsi sümük əriməsi, aybaşının kəsilməsi ya da isti basması kimi narahatlıqlara səbəb olur.
Basqılayıcı dərmanlar (yalançı menopauza iynələri) bədəndə müvəqqəti menopauza təsiri yaradır. Bu səbəbdən yalnız əməliyyatdan əvvəl miomanı kiçiltmək üçün seçilirlər.
Bu gün müalicə olaraq ən təsirli üsul cərrahiyyədir. Miomaların laparoskopik, robotik və ya histeroskopik olaraq çıxarılması pasiyentlər üçün çox üstünlüklü əməliyyatlardır. Bu əməliyyat növləri pasiyentin bədəninə minimum müdaxilə ilə həyata keçirildiyi üçün qansız ya da bıçaqsız əməliyyatlar kimi də bilinir.
Əməliyyatdan sonra ağrıları az, ağrıkəsici istifadə etmə ehtiyacı bu səbəbdən məhduddur və kosmetik olaraq da qarının ön divarındakı izlər yox deyiləcək qədər azdır. Bu üsullarla həyata keçirilən əməliyyatlardan sonra pasiyentlər qısa müddət içində sosial həyatlarına qayıda bilirlər.
Dos. Dr. Taner Usta
Mamalıq və Ginekologiya üzrə mütəxəssis
